Hövzə Xəbər Agentliyinin Qorqan şəhəri üzrə müxbirin verdiyi məlumata əsasən, Qorqan şəhərində keçirilən tədbirdə Hövzə Xəbər Agentliyinin Gülüstan vilayəti üzrə nümayəndəliyinin açılışı münasibətilə ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Ərafinin göndərdiyi təbrik və müraciət məktubu Höccətül-İslam vəl-müslimin Rüstəmi tərəfindən oxunub.
Məktubun mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Uca Allaha həmd və səna, aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərin (s) və onun pak Əhli-beytinə (ə), eləcədə İslamın bütün şəhidlərinə, xüsusilə Ramazan ayında baş vermiş müharibənin şəhidlərinə, o cümlədən şəhid Ayətullah Seyid Əli Xameneinin pak ruhuna Allahın salamı olsun. İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə sağlamlıq və uzun ömür arzulayır, həmin mənəvi və hövzəvi məclisdə iştirak edən bütün alimlərə, böyüklərə, qonaqlara, eləcə də bu böyük sivilizasiya dirçəlişində rol oynayan bütün xalqımıza ehtiramımı bildirirəm.
Elmi hövzə qurumu Əhli-beyt (ə) məktəbinin təcəssümü və İslam İnqilabının elmi-mənəvi istinad mənbəyi kimi dərin xalq köklərinə malik bir qurumdur. O, iman əsaslarına və qədim sivilizasiya irsinə söykənir və İran İslam Respublikasının şərəfli tarixi boyunca həyat, ümid, inkişaf, tərəqqi və kamillik müjdəsini verən bir ocaq olmuşdur. Bu elə bir qurumdur ki, onun bütün sütunları cihad, səmimiyyət, mənəviyyat və maarifləndirmə ruhu ilə yoğrulmuşdur.
Din alimləri və böyük şəxsiyyətlər müqavimətin öncülləri, xalqın hüquqlarının müdafiəçiləri və İslam quruluşunun etibarlı keşikçiləri olmaqla yanaşı, müqəddəs şəriətin düşüncə və mədəniyyət sərhədlərinin qoruyucularıdır. Onlar mömin həyatı, tələbkarlıq, eyni zamanda cavabdehlik, insaf və ədalət baxımından qalıcı nümunələr təqdim edirlər.
Şəhid Ayətullah Seyid Əli Xameneinin “öncül və nümunəvi Hövzə” barədə baxışlarını örnək tutaraq – yəni yenilikçi, dinamik, müasir, yeni yaranan məsələlərə cavab verən, mənəvi cəhətdən saf, inkişaf və həmçinin cihad ruhuna malik, inqilab kimliyini qoruyan və cəmiyyətin idarə olunması üçün planlar hazırlamağa qadir olan Hövzənin formalaşdırılması istiqamətində – Hövzə Xəbər Agentliyi də hövzənin media siması kimi bu zəngin irsdən ilham almalıdır. O, hövzənin bütün dəyərlərini, xidmətlərini və nailiyyətlərini əks etdirməli, dini xəbər və informasiya sahəsində çalışanlar üçün şəffaf, səmimi, ümidverici və öncül platforma olmalı, eyni zamanda müasir dünyada mədəniyyət, mənəviyyat və əxlaq sahəsində etibarlı media mənbəyi kimi fəaliyyət göstərməlidir.
Mərkəzi Media və Virtual Məkan İdarəsi ilə Gülüstan vilayətinin Elmi hövzələrinin birgə səyi nəticəsində Hövzə Xəbər Agentliyinin Gülüstanda nümayəndəliyinin yaradılması – daim istibdada və müstəmləkəçiliyə qarşı mübarizənin önündə duran, böyük din alimləri, Əhli-beyt (ə) irsinin dirçəldiciləri, tanınmış şəhidlər, elm və mədəniyyət xadimləri ilə şöhrət tapmış bu vilayətdə – hövzə və ruhanilərin doğru təqdimatı, əxlaq və mənəviyyatın təbliği, eləcə də hövzə ilə xalq arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində dəyərli və təqdirəlayiq addımdır.
Ümid edilir ki, Gülüstan şəhərindəki Hövzə Xəbər Agentliyi nümayəndəliyi vilayətin alimləri və mütəfəkkirlərinin böyük potensialına, bütün hövzə qurumlarının imkanlarına, eyni zamanda qadın və kişilərin elmi təcrübəsinə söykənərək yalnız vilayətdəki Elmi hövzələrin və hövzə qurumlarının xidmət və nailiyyətlərini düzgün, etibarlı və hikmətli şəkildə işıqlandırmaqla kifayətlənməyəcək, həm də elmi dəyişikliklərin, yeniliklərin və eləcədə yaradıcı təşəbbüslərin aparıcı mərkəzi, fikir və mədəniyyət sahəsində çalışan ziyalıların toplaşdığı bir elm ocağı olacaq.
Vilayətlərdə Elmi hövzələrin gücləndirilməsi Elmi hövzələrin rəhbərliyinin düzgün siyasətlərindən biridir. Hövzə Xəbər Agentliyinin müxtəlif vilayətlərdə fəaliyyətinin genişləndirilməsi bu məqsədə mühüm töhfə verə bilər. Bu baxımdan, Gülüstan vilayətində nümayəndəliyin açılmasını xeyirli əlamət hesab edir, media sahəsində çalışan bütün fədakar insanlara təşəkkür və minnətdarlığımı bildirirəm.
Şübhəsiz ki, yalnız hadisələri xəbər verməklə kifayətlənməyib elmi yanaşmanın gücləndirilməsi, vilayətin şifahi tarixinin qeydə alınması, xəbər və media qurumları ilə əlaqələrin inkişaf etdirilməsi, bütün hövzə qurumlarına münasibətdə balanslı yanaşma, qadın Hövzələrinə və alim xanımlara xüsusi diqqət, beynəlxalq baxışın gücləndirilməsi, yenilikçi xəbər və media məhsullarının hazırlanması Mərkəzi Media və Virtual Məkan İdarəsi ilə Hövzə Xəbər Agentliyinin vilayət nümayəndəliyinin əsas fəaliyyət istiqamətlərindən olmalıdır.
Sonda bütün alimlərə, mütəfəkkirlərə, rəhbərlərə, qələm və fikir sahiblərinə, incəsənət və media cəbhəsində çalışan bütün mücahidlərə, eləcə də hörmətli iştirakçılara səmimi qəlbdən təşəkkürümü bildirir, Allah-Taaladan sizlər üçün davamlı uğurlar, haqq cəbhəsi və dünyanın bütün mücahidləri üçün isə yardım və qələbə arzulayıram.
Həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Ölkə üzrə Elmi hövzələrin rektoru
Əlirza Ərafi
Rəyiniz